İQTİSADİYYAT
İkinci Ticarət Festivalında 7 bank öz xidmətlərini təklif edir
Bakı, 19 oktyabr, AZƏRTAC
İkinci Ticarət Festivalına Azərbaycan Beynəlxalq Bankı və “AzərTürk Bank” da xidmətlərini təklif edib, bununla da müvəkkil bankların sayı 5-dən (Kapital Bank, Bank Silk Way, Azərbaycan Sənaye Bankı, Paşa Bank, Yapı Kredi Bank Azərbaycan) 7-yə çatıb.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Vergilər Nazirliyi tərəfindən ikinci Ticarət Festivalına cəlb olunan 30 vergi işçisinə müvafiq təlimlər keçirilib.
Qeyd olunub ki, elektron vergi hesab-fakturasının tərtibatı zamanı bir sıra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xüsusilə də ərəb ölkələrindən gələn turistlərin pasportlarında ad və soyad məlumatları ilə baza məlumatları arasında uyğunsuzluqlar müəyyən edilirdi. Artıq bu problem də aradan qaldırılıb və e-VHF tərtibatı zamanı pasport nömrəsi, ölkə və şəxsin doğum tarixi sisteminə daxil edildikdən sonra onun adı və soyadı avtomatik olaraq sənəddə qeyd ediləcək.