CƏMİYYƏT
Müraciətlərin sayına görə “İş yerindən arayış” xidməti “E-hökumət” portalında liderlik edir
Bakı, 19 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin yanvar-sentyabr aylarında 221,6 min dəfədən çox müraciət edilib və bu, ötən ilin müvafiq dövründən 41.8 dəfə çox deməkdir.
AZƏRTAC-a həmin məlumatı nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər.
Ölkəmizdə kağız arayışların elektron arayışlarla əvəz olunması prosesində mühüm rol oynayan “İş yerinə dair arayış” elektron xidməti, hər bir işçiyə istənilən vaxt öz iş yerinə dair ümumi təyinatlı və ya hər hansı konkret quruma təqdim etmək üçün elektron qaydada arayış əldə edə bilməyə imkan verir. Bundan ötrü işəgötürənə müraciət olunmasına, əlavə vaxt və zəhmət sərf edilməsinə ehtiyac yoxdur. Arayış aidiyyəti quruma elektron şəkildə göndərilə və ya çap olunaraq kağız formasında təqdim edilə bilər. Sənəddə işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli və ya müddətsiz olması, onun etibarlılıq müddəti və digər məlumatlar öz əksini tapır. Vətəndaş öz seçiminə uyğun olaraq, həmin arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə etmək imkanına malikdir. Elektron arayışlar işçinin iş yeri ilə əlaqədar real, rəsmi məlumatları əks etdirməklə yanaşı, oradakı məlumatların dürüstlüyünü “E-hökumət” portalındakı “Elektron arayışların yoxlanılması” xidmətindən istifadə etməklə yoxlamaq mümkündür.
Həmin üstünlüklərin nəticəsidir ki, İş yerinə dair arayış” elektron xidməti elektron arayış sistemində geniş istifadəçi kontingenti ilə seçilir. İstifadəyə verildiyi 2014-cü ilin dekabrından indiyədək “İş yerinə dair arayış” elektron xidmətinə 697,7 min müraciət qeydə alınıb. Bu da “E-hökumət” portalındakı 18 növ elektron arayış xidməti üzrə indiyədək edilən ümumi müraciətlərin 49,6 faizini təşkil edir.