REGİONLAR
Füzulidə aqropark və iri toxumçuluq təsərrüfatı yaradılır
Füzuli, 19 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Füzuli rayonunun sosial-iqtisadi inkişafı uğurla davam etdirilib, tikinti-quruculuq, abadlıq işləri aparılıb. Bu dövrdə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsi, pambıq məntəqəsi, III Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı üçün bazar inşa edilib. Hazırda Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyi tikilir. Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun rayon ərazisindən keçən 40 kilometrlik hissəsinin tikintisi başa çatmaq üzrədir. Yaxın günlərdə barama qəbulu və emalı məntəqəsinin, Bala Bəhmənli kəndi ərazisində rayon mərkəzi xəstəxanasının tikintisinə başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Horadiz şəhərində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin məruzəsində bildirilib ki, ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışının həcmi 134.783,4 min manat təşkil edib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 24.759 min manat investisiya qoyulub ki, onun da 19.832,8 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub.
Yığıncaqda diqqətə çatdırılıb ki, son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli taxılçıları bu il də 100 min tondan çox taxıl istehsal ediblər. Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq təsərrüfatının böyük rolu var.
Qeyd edilib ki, rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılıq və baramaçılıq da inkişaf etdirilir. Bu il rayonda 2050 hektar ərazidə pambıq əkilib, 25 tona yaxın barama istehsal olunub. Hazırda rayonda pambıq yığımının qızğın çağıdır. Hesabat dövründə, həmçinin 3725 ton tərəvəz, 2827 ton bostan məhsulu, 1551 ton üzüm, 15 ton çəltik, 1769 ton kartof, 2691 ton meyvə, 2012 ton ət, 17 min 837,2 ton süd, 6215 min ədəd yumurta istehsal edilib. 2700 hektar sahədə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün aqropark, 500 hektarda isə iri toxumçuluq təsərrüfatı yaradılır.
Yığıncaqda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışılıb, uğurlarla yanaşı, problemlər də qeyd edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.