İQTİSADİYYAT
Neftçilərə Fəxri fərmanlar təqdim edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
“Neftçilər günü” peşə bayramı münasibətilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunmuş bir qrup əməkdaşa oktyabrın 19-da mükafatların təqdim edilməsi mərasimi keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışıb, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. O qeyd edib ki, qazanılan nailiyyətlər Vətən və dövlətə sonsuz sədaqətin parlaq təzahürüdür.
Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov SOCAR-ın hazırda ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən danışaraq bu layihələrin icra olunmasında Azərbaycan neftçilərinin daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib, təltif olunanları təbrik edərək onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb.
Fəxri fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər.