ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universiteti Polşanın Adam Miskeviç İnstitutu ilə əməkdaşlıq edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva ilə görüşüblər.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Əliyeva rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, burada tədris olunan ixtisaslar və “SABAH” Mərkəzi barədə məlumat verib.
Adam Miskeviç İnstitutunun nümayəndələri İrena Fedorkova və Monika Qroxovskaya Polşanın kino və teatr sahəsi ilə bağlı olan ali təhsil ocaqları, təhsil proqramları, ölkədə keçirilən beynəlxalq tələbə festivalları barədə söz açıblar.
Görüşdə, həmçinin birgə əməkdaşlıq, tələbələr üçün klassik repertuarın müasir formada səhnələşdirilməsi, aktyor sənətinə fərqli baxışın yaranması, polyak yazıçıların pyeslərinin Azərbaycan dilinə tərcümə olunaraq tələbələr tərəfindən ifası və gənclərin festivallarda iştirakı barədə müzakirələr aparılıb.
Polşalı qonaqlar universitetin binası və “SABAH” qrupları üçün ayrılan auditoriyalarla tanış olub, aktyor sənəti fakültəsində dərsdə iştirak ediblər.