CƏMİYYƏT
İtaliyadan idxal edilən dekorativ bitkilər məhv edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
İtaliyadan Azərbaycana idxal edilən dekorativ bitkilərə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən fitosanitar nəzarəti həyata keçirilərkən zərərli orqanizm aşkar olunub.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı bitkilərin üzərində karantin tətbiq edilən Avstraliya şırımlı yastıca zərərli orqanizminin mövcudluğu təsdiqlənib.
Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq Dövlət Xidməti tərəfindən həmin bitkilərin məhv edilməsinə qərar verilib. Bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə Sumqayıt şəhərinin "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.
Qeyd edək ki, Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinə, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armudun təhlükəli zərərvericisi hesab edilir. Zərərverici Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılıb. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddətdə quruyub sıradan çıxmasına səbəb olur.
Aşkar olunmuş uyğunsuzluq barədə İtaliyanın Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına notifaksiya göndərilib.