İQTİSADİYYAT
Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın hesabatlarının əhatə dairəsi müzakirə olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın hesabatlarının əhatə dairəsi barədə müzakirələr aparılıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, oktyabrın 19-da ARDNF-də vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib. “Moore Stephens Azerbaijan” auditor şirkəti iclas iştirakçılarına HSŞ üzrə Komissiyanın 2016-cı il üzrə hesabatının layihəsini təqdim edib. İclasda üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2016-cı il üzrə hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınıb.
İclas iştirakçıları növbəti illər üzrə HSŞ hesabatlarının əhatə dairəsi barədə müzakirələr apararaq qərar qəbul edib. İclasda HSŞ üzrə Komissiyanın loqotipi, korporativ stili və digər məsələlər ətrafında müzakirələr olub.