DÜNYA
Tokio Fond Birjasında son 30 ilin rekordu qeydə alınıb
Tokio, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Tokio Fond Birjasında (TFB) aparıcı “Nikkey” indeksi fasiləsiz olaraq 13-cü gündə də artıb. Bu hadisə son 30 ildə ilk dəfə baş verib.
AZƏRTAC xəbər verir ki, “Nikkey” indeksinin 13 gün fasiləsiz artımı sonuncu dəfə 1988-ci ildə qeydə alınıb. Həmin vaxt Yaponiya iqtisadiyyatında “sabun köpüyü” adlanan dövr yaşanırdı.
Cümə axşamı Nyu-York fond bazarında artım tendensiyası qeydə alındıqdan sonra TFB-də də investorlar səhmləri əldə etmək üçün sifarişlər yerləşdiriblər.
“Nikkey” indeksi günü 21 min 448 bəndində başa vurub. Bu, bir gün əvvəl qeydə alınan göstəricidən 85 bənd çoxdur və 1996-cı ildən bəri ən yüksək göstəricidir.
Daha geniş TOPİX indeksi də 5 bənd artaraq 1730 həddində qərarlaşıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio