ELM VƏ TƏHSİL
“İnnovasiya ekosisteminin qurulması” mövzusunda seminar davam edir
Bakı, 20 oktyabr, AZƏRTAC
“İnnovasiya ekosisteminin qurulması” mövzusunda beynəlxalq seminar oktyabrın 20-də işini Bakı Mühəndislik Universitetində (BMU) davam etdirib.
Tədbir Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti tərəfindən birgə təşkil olunub.
Seminarın keçirilməsinin məqsədi müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək göstərməkdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışıb.
Seminarın əhəmiyyətini qeyd edən rektor deyib ki, universitetlərin biznes və dövlət qurumları ilə birgə əməkdaşlığı nəticəsində elmin inkişafına, yüksək texnologiyaların yaradılmasına, innovasiya ekosisteminin formalaşmasına və sosial-iqtisadi rifahın yüksəldilməsinə nail olmaq mümkündür. Universitet-biznes-dövlət əməkdaşlığını özündə cəmləşdirən, innovativ ekosisteminin formalaşması və inkişafında önəmli rol oynayan sahibkarlıq universiteti modeli hazırda daha da aktuallaşıb. Bu səbəbdən də sahibkarlıq universitetlərinin ölkəmizdə formalaşdırılmasına xüsusi diqqət göstərilir.
Professor H.Məmmədov BMU-nun sahibkarlıq universiteti potensialına malik olduğunu diqqətə çatdırıb.
Sonra xarici ölkələrdən olan ekspertlər məruzələrlə çıxış ediblər. Adam Sterlinqin “Vençur maliyyə sazişlərinə giriş”, Daniil Kozlovun “Regional keys: Rusiya, Qazaxıstan və digər MDB ölkələrində innovasiya ekosisteminin təkamülü, Aleksey Qusevin “MDB məkanında vençur maliyyəsinin başlanması” mövzularında məruzələri dinlənilib.
Məruzəçilər vençur maliyyəsi, biznesin qurulması, inkişafı ilə bağlı fikirlərini bildiriblər.
Sonra sahibkarlıq təhsili, vençur maliyyəsi, və mədəniyyəti mövzusunda təlim və müzakirələr aparılıb.
Seminar oktyabrın 21-də başa çatacaq.