İQTİSADİYYAT
Ötən 9 ayda Neft Fondunun büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə 6 911,7 milyon manat təşkil edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, ötən 9 ayda ARDNF-in büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə 6 911,7 milyon manat təşkil edib. Cari ilin 9 ayı ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 12,9 milyon manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar gəliri 582,4 milyon manatdır.
Hesabat dövrü ərzində ARDNF-in 2017-ci il büdcəsinin icrası çərçivəsində 4 300,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 milyon manat vəsait ayrılıb. 11,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 13,0 milyon manat təşkil edib.
2017-ci il oktyabrın 1-nə fondun aktivləri bu ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,67 faiz artaraq, 36 020,0 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.