SİYASƏT
Ramazan Abdulatipov Rusiya Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
Moskva, 20 oktyabr, AZƏRTAC
Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipov Rusiya Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi təyin edilib.
AZƏRTAC xəbər verir ki, TASS agentliyinə verdiyi müsahibədə R.Abdulatipov xəzəryanı dövlətlərin əməkdaşlığının fəallaşdırılmasının vacibliyini vurğulayıb. O deyib ki, Dağıstana başçılıq etdiyi dövrdə ölkə rəhbərliyi ilə Xəzərdə logistik-sənaye mərkəzinin, o cümlədən gəmi təmiri və gəmiqayırma müəssisələrinin tikintisi məsələlərini razılaşdırıb. R.Abdulatipovun sözlərinə görə, Xəzər regionunun böyük iqtisadi və mədəni potensialı var. Xəzəryanı dövlətlər arasında inteqrasiya proseslərinin artırılması region ölkələrinin inkişafına təkan verəcək.
Xatırladaq ki, R.Abdulatipov Dağıstan Respublikasına dörd il rəhbərlik edib və bu ilin oktyabrında istefaya gedib. Hazırda respublika rəhbərinin vəzifəsini Dövlət Dumasının vitse-spikeri Vladimir Vasilyev icra edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva