ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi 700 bal toplamış tələbələrin sayına görə respublikada liderdir
Bakı, 20 oktyabr, AZƏRTAC
Cari ildə Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə respublika birincisi olub. Onlardan ən əsası ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrin sayına görə liderlikdir. Belə ki, bu il qəbul imtahanlarında 700 bal toplamış abituriyentlərin seçdikləri ali məktəblər üzrə statistikada BANM birinci yeri tutur. Həmin statistikaya əsasən respublika üzrə 700 bal toplamış 15 nəfərdən yeddisi BANM-i seçib. Onlardan beşi proseslərin avtomatlaşdırılması mühəndisliyi, iki nəfər isə kimya mühəndisliyi ixtisasında təhsil alır.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov həmin gənclərlə görüşüb. Rektor onları nəinki BANM-in, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğulayıb, tələbələrlə yaxından tanış olub, gələcək planları barədə fikirlərini dinləyib.
E.Qasımov tələbə gənclərə tövsiyələrini verib, uğurlar arzulayıb.