DÜNYA
Gürcüstanda keçiriləcək seçkiləri ümumilikdə 75611 müşahidəçi izləyəcək
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkiləri ümumilikdə 75611 müşahidəçi izləyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya oktyabrın 20-də keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, seçkilərlə əlaqədar 22 siyasi partiya, 5 seçici bloku və təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib. Seçicilər 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər.
T.Jvaniya deyib ki, seçkilərdə 369 şəxsin mer vəzifəsinə, o cümlədən 13 nəfərin Tbilisi şəhər meri vəzifəsinə namizədliyi irəli sürülüb.
Majoritar namizədlərin sayı 4727, partiya siyahısında namizədlərin sayı 12902 nəfərdir.
Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi səsverməyə tam hazırdır.
Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Onlardan 54389–u seçici subyektinin, 20641-i yerli təşkilatların, 581-i isə beynəlxalq təşkilatların müşahidəçiləridir.
Prosesi, həmçinin 4820 jurnalist izləyəcək.
MSK sədrinin sözlərinə görə, seçki məntəqələri bütün lazımi avadanlıqla təmin olunub. Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.
Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər hazırlanıb. Azərbaycan-gürcü dilində olan bülletenlər 208 seçki məntəqəsinə, gürcü-erməni dilində olan bülletenlər isə 133 məntəqəyə paylanılıb.
Səsvermə oktyabrın 21-də saat 8:00-da başlayacaq, saat 20:00-da başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi