REGİONLAR
Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidorun qablaşdırılmasında yol verilən qüsurlar aradan qaldırılıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəsmi internet saytında və respublikamızın bəzi kütləvi informasiya vasitələrində cari il oktyabrın 16-da Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşları tərəfindən Dağıstan Respublikasında Azərbaycandan ixrac edilən 33 ton pomidor məhsulu üçün tərtib edilmiş fitosanitar sertifikatında məlumatlar tam əks olunmadığına görə ölkəyə idxal edilməsinə icazə verilməməsi barədə məlumat yer alıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşayiətedici sənədi olan fitosanitar sertifikatın əlavə deklarasiya bölməsində məhsul istehsalçısının adının və ünvanının qeyd edilməsi tələbini qoyub.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinın bu müraciəti Dövlət Xidmətinə 2017-ci ilin 17 oktyabr tarixində daxil olub. Sözügedən pomidor məhsulu isə oktyabrın 16-da ölkədən ixrac edildiyi üçün qarşı tərəfin tələblərinə uyğun olaraq qablaşdırma materialının üzərində məhsul istehsalçısı barədə məlumatın qeyd edilməməsi səbəbindən sərhəddə saxlanılıb.
Məsələ Dövlət Xidməti tərəfindən dərhal nəzarətə götürülüb, məhsulun qablaşdırma materialı qarşı tərəfin tələblərinə uyğun qaydada hazırlanıb və oktyabrın 20-də həmin məhsul Rusiya Federasiyasına ixrac edilib.
Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə Rusiya Federasiyasına ixrac edilən pomidor məhsulunun qablaşdırma materialının qarşı tərəfin tələblərinə uyğun olmasına ciddi nəzarət edilməsi barədə Dövlət Xidməti tərəfindən bitkilərin karantini məntəqələrinə müvafiq göstəriş verilib, ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında istehsalçı barədə məlumatların qeyd edilməsinin vacibliyi istehsalçıların diqqətinə çatdırılıb.