İQTİSADİYYAT
“Zenith Energy”: Azərbaycanın “Cəfərli” yatağındakı “C-21” nömrəli quyuda hasilat artıb
Bakı, 21 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Kanadanın “Zenith Energy Ltd.” şirkətinin törəməsi “Zenith Aran Oil Company Limited” Azərbaycanın quruda yerləşən “Cəfərli” yatağının “C-21” nömrəli quyuda neft hasilatını artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, əvvəllər “C-21” quyusunda gündəlik 15 barrel olan neft hasilatı hazırda 50 barrelə çatıb.
Xatırladaq ki, şirkət daha əvvəl Azərbaycandakı əməliyyatlarında ilk dəfə müasir texnika istifadə olunmaqla quyuda ümumilikdə 7,8 metr işlənilməmiş sahə aşkar edildiyini açıqlayıb. Əvvəllər məhsuldar olmayan quyudan ilkin olaraq neft hasilatı gündəlik 15 barrel olub. Hazırda quyudan sutkalıq hasilat 35 barrel çoxalıb.
Keçən ilin avqustunda isə “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdan hasilatın pay bölgüsü sazişi çərçivəsində ilk neft hasil olunub.
Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.
Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.
“Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.