MƏDƏNİYYƏT
Azərbaycan bəstəkarının notları Haaqa konservatoriyasında
Haaqa, 21 oktyabr, AZƏRTAC
Haaqanın “Royal Conservatorium”unun tələbələri görkəmli bəstəkarımız, Azərbaycanın Xalq Artisti Tofiq Bakıxanovun əsərlərinin notlarından istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, Niderlandda yaşayan azərbaycanlı müğənni Firəngiz Bağırova bəstəkar Tofiq Bakıxanovun əsərlərinin notlarını bu ölkənin konservatoriyalarına təqdim edib. Həmin musiqi ocaqlarının direktorları bu aksiyanı yüksək qiymətləndirib.
Bəstəkarımızın klassik və caz musiqisi üzrə bəstələrinin notları konservatoriya tələbələri tərəfindən maraqla qarşılanıb.
F. Bağırova əsas məqsədinin bəstəkarlarımızı Avropada, eləcə də yaşadığı Hollandiyada tanıtmaq olduğunu qeyd edib. Bildirib ki, konservatoriyalara təqdim etdiyi notları ona məhz T.Bakıxanovun özü verib və o, bununla fəxr edir.
Qeyd edək ki, F. Bağırova artıq 20 ildir bu ölkədə yaşayır və “Odlar Yurdu” Azərbaycan-Niderland təşkilatının sədridir. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1989-cu ildən professional səhnədə müğənni kimi fəaliyyətə başlayıb, sonralar həvəskar bəstəkar kimi mahnılar yazıb və ifa edib. 1996-cı ildən Niderlandda yaşayır və musiqi fəaliyyətini davam etdirir.
F. Bağırova Azərbaycan mədəniyyəti və musiqisinin Niderlandda təbliği və iki ölkə arasında mədəniyyət körpüsü yaradılması istiqamətindəki fəaliyyətinə görə Niderland Krallığının Omroep Orkestr və Xor Təşkilatının təşəkkür diplomuna layiq görülüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa