CƏMİYYƏT
Gənclər arasında “BMT Modeli Simulyasiya” konfransının ilkin təqdimat mərasimi keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində ölkə Prezidentinin bu il sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq gənclər arasında “BMT Modeli Simulyasiya” konfransının ilkin təqdimat mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov iştirakçıları salamlayıb və onlara “BMT Modeli Simulyasiya” haqqında qısa məlumat verib.
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək təlimin gedişində gənclərə uğurlar arzulayıblar.
Rayonun fəal gənclərinin iştirakı ilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Azər Abasəliyev “BMT Modeli Simulyasiya” oyununun keçirilməsi, şərtləri haqqında ətraflı məlumat verərək gənclərin suallarına cavablar verib.