CƏMİYYƏT
Yasamal rayonunda minaatan mərmisi aşkar edilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Bakı şəhərinin Yasamal rayonu ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, qurumun xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə “Röyal Park” yaşayış massivinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 millimetrlik minaatan mərmisi (OF-832) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş minaatan mərmisinin ətrafında 60 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.