REGİONLAR
Mingəçevirdə növbəti əmək yarmarkası
Mingəçevir, 22 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevirdə işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə vətəndaşlara 25 müəssisə və təşkilat tərəfindən 90 boş iş yeri təklif olunub.
Yarmarkanın açılış mərasimində çıxış edənlər əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Yarmarkada işəgötürən idarə və təşkilatların nümayəndələri vətəndaşlara təklif etdikləri yeni iş yerləri üçün 120 manatdan 450 manatadək əməkhaqqı veriləcəyini bildiriblər.
İş üçün müraciət edənlərdən 18 nəfəri öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Vətəndaşlar əsasən sənaye, təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar. Bu yaxınlarda isə Mingəçevirdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbirin keçirilməsi nəzərdə tutulur.