DÜNYA
Gözdən düşmüş siyasətçi yenə “ağ atın belində”dir
Praqa, 23 oktyabr, AZƏRTAC
Çexiyanın baş naziri olacağı güman edilən Andrey Babişin deputat mandatı onu cinayət təqibindən qoruyub.
AZƏRTAC xəbər verir ki, ANO hərəkatına başçılıq edən Babiş dotasiya ilə bağlı maxinasiyalarda ittiham edilir. Ölkənin sabiq maliyyə naziri Babişi toxunulmazlıq hüququndan məhrum etmiş Aşağı Palatanın bundan əvvəlki deputat heyətinin mandat müddəti başa çatıb. Parlament seçkilərində qalib gəlmiş siyasi subyektin başçısı yenidən Deputatlar Palatasına seçildiyi andan onun toxunulmazlığı bərpa edilib. Konstitusiya hüququ üzrə mütəxəssis, professor Aleş Qerlox ÇTK agentliyinə müsahibəsində bu məlumatı təsdiq edib.
Əgər müstəntiqlər ANO hərəkatının sədri Andrey Babişin deputat toxunulmazlığından məhrum edilməsi barədə yenidən belə bir tələb irəli sürərsə, deputat korpusunun yeni heyəti bu məsələni müzakirə etməli olacaq. Əgər cavab mənfi olarsa onun barəsində cinayət təqibi dayandırılacaq, lakin bu vəziyyət yalnız Andrey Babiş deputat mandatını itirənə qədər davam edəcək.
Bu arada Çex Respublikasının prezidenti Miloş Zeman yeni nazirlər kabinetinin formalaşmasını Babişə etibar etmək niyyətindədir. Babişin başçılıq etdiyi ANO hərəkatı parlament seçkilərində qalib gəlib. Dövlət başçısı öz fikrini yalnız o halda dəyişə bilər ki, Andrey Babiş Baş nazir vəzifəsini tutmaqdan imtina etsin. Miloş Zeman öz fikrini Blesk.cz serverinə müsahibəsində bildirib.
Milyarder Andrey Babişin dotasiyalarla bağlı maxinasiyalarda ittiham üzrə cinayət təqibi prezident üçün maneə deyil, çünki prezidentin fikrincə, bu məsələ polisin provokasiyasıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa