İQTİSADİYYAT
Yeni hərraca 162 dövlət əmlakı çıxarılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 21-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 162 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 43-ü kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u isə nəqliyyat vasitəsidir.
Komitədən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2804 linkindən əldə etmək mümkündür.
Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirilmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs və investor sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirilmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Gəncə, Şəmkir, İmişli, Yardımlı, Lənkəran, Neftçala və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Qazax ərazi yun tədarükü və qəbulu idarəsi, Gəncədə yerləşən 3 saylı avtodayanacaq kimi iri dövlət əmlakları var.
Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 6-sı sənaye, 15-i xidmət, 10-a yaxını iaşə, qalanları isə digər sahələrə aiddir.
Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Qazax ərazi yun tədarükü və qəbulu idarəsini nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Belə müəssisələrin fəaliyyətinin yenidən bərpası tekstil sahəsinin genişlənməsinə imkan yaradır.
Bundan başqa Bakının Sabunçu rayonunda yerləşən kafe də xidmət sahəsində investorlar üçün gəlirli obyektdir. Həmin əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 57-si paytaxtda, qalanları isə Sumqayıt şəhərində, Abşeron, Gədəbəy, Ağdaş rayonlarında yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kvadratmetr ilə 287 kvadratmetr arasında dəyişir.
Özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.
Müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti kənd təsərrüfatı texnikasıdır. Həmin texnikanın istehsal tarixi 2005-2006-cı illəri əhatə edir.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirilmədə fəal iştirak etməyə dəvət edir.