ELM VƏ TƏHSİL
İzmirdə Türkiyə-Azərbaycan Coğrafiya Günləri keçirilir
Bakı, 23 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC
Oktyabrın 23-dəTürkiyənin İzmir şəhərində Türkiyə-Azərbaycan Coğrafiya Günləri öz işinə başlayıb. Tədbirdə ölkəmizi Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və AMEA -nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov məlumat verib.
Alim bildirib ki, oktyabrın 27-dək davam edəcək coğrafiya günlərində institutun insan coğrafıyası istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru Zakir Eminov “Türkdilli dövlətlərdə demoqrafik problemlərin inkişafı”, coğrafiya elmləri doktoru Məhəmməd Abiyev “Azərbaycan çaylarının hidrokimyəvi xüsusiyyətləri”, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov “Azərbaycan landşaftlarının transformasiyası”, Coğrafiya İnstitutunun əməkdaşı Elşən Abdullayev “Holosen dövrünün gil süxurlarında canlı orqanizmlərin tədqiqi” mövzularında məruzələrlə çıxış edəcəklər.
M.Həsənov deyib: “Türkiyə-Azərbaycan Coğrafiya Günləri bu ilin may ayında Bakıda keçirilən Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günlərinin cavab tədbiri kimi həyata keçirilir. Bu görüşlərdə əsas məqsəd gələcəkdə Azərbaycan və Türkiyə coğrafiyaçı alimləri arasında elmi tədqiqat işlərində əlaqələri daha da möhkəmlətmək, qarşılıqlı surətdə hər iki respublikanın təbii şəraitini, təbii ehtiyatlarını, demoqrafik proseslərini, iqtisadi inkişaf səviyyələrini və istiqamətlərini birgə öyrənmək məqsədini daşıyır”.