MƏDƏNİYYƏT
Livanın Milli Xəbər Agentliyi Bakıda keçrilən şopinq festivalından yazır
Bakı, 23 oktyabr, AZƏRTAC
Livanın Milli Xəbər Agentliyində (NNA) Bakıda keçirilən şopinq festivalı haqqında məqalə dərc edilib.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, “İkinci Bakı Şopinq Festivalı: rəngarəng tədbirlər, daha çox turistin cəlbi və alıcılıq qabiliyyətinin stimullaşdırılması” sərlövhəli məqalədə Bakıda turistlər, alıcılar üçün yaradılan şərait, festival ərəfəsində irəli sürülən maraqlı təkliflər barədə məlumat verilir. Vurğulanır ki, festivalın təşkilində məqsəd ölkəyə turist axınının təşviqi, əhalinin alıcılıq qabiliyyətinin artırılmasıdır.
Məqalədə Azərbaycana son aylarda gələn turistlərin sayından da danışılır. Bildirilir ki, ilin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayında 21% artım qeydə alınıb. Bu ilin 8 ayı ərzində xarici turistlər ölkəmizdə 703 milyon dollar xərcləyiblər ki, bu da ötən illə müqayisədə 100 milyon dollar çoxdur.
Yazıda ölkəmizdə turizmin inkişafı üçün bu ildən keçirilən şopinq festivallarının əhəmiyyəti də vurğulanır.