CƏMİYYƏT
Pediatr, neonatoloqlar və uşaq nevropatoloqları üçün təlimlər keçiriləcək
Bakı, 23 oktyabr, AZƏRTAC
2016-2017-ci illər üçün Dövri İş Planının icrası məqsədilə Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondu (YUNICEF) arasında birgə təlimlərə başlanılıb.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim proqramının əsas məqsədi standart yanaşmanın formalaşdırılması vasitəsilə körpənin qidalandırılması barədə tibb işçilərinin analara verdiyi məsləhət və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Oktyabr-dekabr aylarında Quba, Şəki və Lənkəran rayonlarında körpə və erkən yaşlı uşaqların qidalanmasına dair pediatr və iştirakı ilə təlimlərin keçirilməsi planlaşdırılır. Həmçinin Səhiyyə Nazirliyinin BMT-nin Uşaq Fondu ilə birgə 2016-2017-ci illər üçün Dövri İş Planının icrası məqsədilə il ərzində yerli mütəxəssislərin körpə və erkən yaşlı uşaqların qidalanmasına dair həkim-pediatrlar üçün beynəlxalq tövsiyə və beynəlxalq təcrübəyə əsaslanan təlim materialları, proqram və təlim vəsaiti hazırlanıb. Həmin vəsaitdə ana südü ilə qidalanmaya, onun ana və körpənin sağlamlığına verə biləcəyi faydaya xüsusi yer verilir, tibb işçilərinin verdiyi məsləhət və göstərdiyi xidmətlər geniş müzakirə edilir.
Eyni zamanda, Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu arasında 2016-2017-ci illər üçün Dövri Fəaliyyət Planına uyğun olaraq Ankara Universitetinin mütəxəssisləri cəlb edilərək ölkəmizdə erkən yaşlı uşaqların inkişafının monitorinqi üzrə mütəxəssislərin hazırlanması həyata keçirilir.
Layihə çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə həkim-pediatrlar üçün uşağın inkişafının izlənilməsi, inkişafdan geriqalma hallarının erkən aşkarlanması və müdaxiləsi üzrə müvafiq təlim materialları hazırlanıb. Hazırda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və digər müəssisələrin oktyabr, noyabr və dekabr aylarında Quba, Şəki və Lənkəranda həkim-pediatr və uşaq nevropatoloqlarına təlim keçməsi planlaşdırılır.
Təlimlərə oktyabrın 27-dən başlanılacaq.