ELM VƏ TƏHSİL
Gənc aparıcılar və reportyorlar ədəbi dil normaları barədə məlumatlandırılırlar
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində “Lider” televiziyasında növbəti təlim olub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, təlimdə “Lider” televiziyasında çalışan gənc aparıcılar və reportyorlar iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyevanın “Ekran və efirdə üslub xətalarının aradan qaldırılması” mövzusunda məruzəsi dinlənilib.
S.Əliyeva ekran və efirdə üslub xətaları haqqında iştirakçılara ətraflı məlumat verib, konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki üslubi qüsurları təhlil edərək, onların aradan qaldırılması yollarını göstərib.
Sonra Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı dinləyicilərin layihə ilə bağlı suallarını cavablandırıb.
“Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində telekanallarda keçirilən təlimlərdə Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli müəllimləri, jurnalistlər iştirak edirlər.
“Xəzər” televiziyasında başlanılan layihə “Kəpəz” və “Lider” televiziyalarında uğurla davam etdirilir. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri bilgilər verilir, praktik məşğələlər tətbiq olunur.