CƏMİYYƏT
Ombudsman Aparatının əməkdaşları Portuqaliyada səfərdə olublar
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı və təsisatın bir qrup əməkdaşı Almaniya, Yunanıstan, Polşa və Portuqaliyadan olan tərəfdaşların iştirakı ilə Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Portuqaliyada səmərəli təcrübə mübadiləsi keçiblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günündə Lissabon şəhərində Portuqaliya Ombudsmanı və əməkdaşları ilə rəsmi görüş keçirilib. Görüşdə hər iki ölkənin müvafiq təsisatlarının insan hüquqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, müsbət iş təcrübəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanovanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, o cümlədən onun beynəlxalq əlaqələri, BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlarla həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib. Qeyd olunub ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən “A” statusu ilə akkreditasiya olunmuş Azərbaycan Ombudsmanı insan hüquqlarının müdafiəsi sahəsində müstəqil fəaliyyət göstərir.
Portuqaliya Ombudsmanı azərbaycanlı həmkarının fəaliyyəti ilə yaxından tanış olduğunu və onun insan hüquqları sahəsində gördüyü işləri və səmərəli beynəlxalq əməkdaşlığını yüksək dəyərləndirib.
Görüşdə Azərbaycan həqiqətləri və ölkəmizin zəngin mədəniyyəti barədə məlumatların əks olunduğu disklər, ədəbiyyat, müvəkkilin illik məruzələri və Aparatda hazırlanmış hüquqi nəşrlər Portuqaliya Ombudsman təsisatına təqdim edilib.
Sonra Portuqaliya Ombudsman ofisinin fəaliyyəti və strukturu, burada insan hüquqları sahəsində görülən işlər, o cümlədən ayrı-ayrı şöbələrin fəaliyyəti ilə əyani tanışlıq olub, Azərbaycan Ombudsman Aparatı əməkdaşlarının sualları cavablandırılıb. Eyni zamanda, digər hüquqlarla yanaşı, uşaqların, ahılların, fiziki qüsurlu insanların, habelə əhalinin digər həssas qruplarının hüquqları, habelə həmin ofisdə yaradılmış uşaq hüquqları üzrə qaynar xətlə əlaqədar səmərəli fikir və təcrübə mübadiləsi aparılıb.
Növbəti gün Lissabon şəhərindəki Miqrantların İnteqrasiyası üçün Milli Mərkəzin fəaliyyəti ilə tanışlıq olub. Mərkəzin rəhbərliyi ilə görüşdə qaçqın və məcburi köçkün, miqrant məsələsinin Azərbaycan üçün aktual xarakter daşıdığı qeyd olunub, Ermənistanın ölkəmizə qarşı 25 ildən artıq davam edən təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünlərə çevrilərək beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması barədə ətraflı məlumat verilib, Azərbaycan Ombudsmanın qaçqın və məcburi köçkün, miqrantların hüquqlarının müdafiəsi sahəsində iş təcrübəsi diqqətə çatdırılıb.
Sintra bələdiyyəsində keçirilən görüşdə yerli özünüidarəetmə orqanı ilə əhali arasında münasibətlər, icra modeli, yerli sakinlərə yardım, vətəndaşlara dəstək ofisi, çoxsaylı sosial proqramlar, müxtəlif əhali qruplarının, o cümlədən ahılların, əlilliyi olan şəxslərin, miqrantların sosial dəstək proqramları, bir çox sahələr üzrə müsbət təcrübələri haqqında məlumat verilib.
Ombudsman Aparatının əməkdaşları Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən əsas tədbirlər, vətəndaşların sosial rifahı istiqamətində tətbiq edilən geniş proqramlar, dünyada Azərbaycan brendi kimi tanınan uğurlu “ASAN xidmət”, o cümlədən “ABAD” layihəsi, bu sahədə görülən çoxsaylı işlər haqqında danışıblar.
Səfər çərçivəsində Portuqaliya Xarici İşlər Nazirliyində bu qurumun nümayəndəsi xanım F.Almeyda ilə görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyi diqqətə çatdırılıb. Görüşdə Ermənistanın ölkəmizə qarşı uzun müddətdir davam edən işğalçılıq və terrorçuluq siyasəti, bunun ağır nəticələri və insan hüquqlarının kütləvi şəkildə pozulduğu bildirilib, Azərbaycan Ombudsmanın bununla bağlı qəbul etdiyi bəyanatlar Portuqaliya Xarici İşlər Nazirliyinin rəsmisinə təqdim edilib. Həmçinin son dövrlər bəzi regional təşkilatların rəhbərliyi tərəfindən Azərbaycana qarşı yürüdülən ikili standartlar barədə məlumat verilib.
Ombudsman Aparatının əməkdaşları Lissabon həbsxanası ilə də tanış olub, müəssisə rəhbərliyi və əməkdaşları, habelə məhkumlarla söhbətlər aparıblar.