İQTİSADİYYAT
Azərbaycanda 8000-dən çox xarici şirkət fəaliyyət göstərir
Bakı, 24 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanda 8000-dən artıq xarici şirkət fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
"Azərbaycana 111 milyard dollar həcmində investisiyanın yatırılması və müxtəlif xarici şirkətlərin ölkəmizdə fəaliyyəti rəsmi Bakının investisiya siyasətinin uğurunun, həm də investisiya sahəsində müxtəlif məsələlərin düzgün tənzimləndiyinin göstəricisidir", - deyə nazir müavini qeyd edib.
Nazir müavini deyib ki, ölkəmizdə xarici investisiya sahəsində mövcud olan qanunvericilik, ölkəmizin investisiya təşviqi və qorunması ilə bağlı 48 sazişin imzalanması xarici investisiyalara görə bir çox hüquqlar verir. Bu hüquqların düzgün tənzimlənməsi investisiya mühitini daha da yaxşılaşdırır. Azərbaycanın model sazişləri BMT Ticarət və İnkişaf Komissiyası ilə birlikdə hazırlanıb və müvafiq təkmilləşdirmələr aparılıb. Bunun nəticəsidir ki, biz 48 investisiya sazişi imzalamağımıza və 111 milyard dollar investisiya cəlb etməyimizə baxmayaraq indiyədək böyük həcmli investisiya mübahisələrinə, böyük həcmli investisiya mübahisələrindən qaynaqlanan cərimələr ilə qarşılaşmamışıq. Bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunun göstəricisidir. Həmçinin bu, Azərbaycanda yaradılmış investisiya mühitinin bugünkü tələblərə cavab verməsinin bir sübutudur. Biz gələcək çağırışları nəzərə alaraq bu istiqamətdə təkmilləşdirmələr aparacağıq.