İDMAN
Dünyanın ən güclü şahmatçılarına Vüqar Həşimov mükafatı təqdim olunacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Şahmat üzrə dünyanın ən nüfuzlu “Tata Steel Masters” turnirinin 80-ci yubiley qarşılaşmasının qalibləri tanınmış Azərbaycan şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə təsis edilmiş “Fair Play” mükafatı ilə təltif olunacaqlar.
Vüqar Həşimov Şahmat Akademiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq turnir gələn il yanvarın 12-dən 28-dək Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək.
Hələ üç il əvvəl Vüqar Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq təsis edilən “Fair Play” mükafatı ilk dəfə məhz Veyk-an-Zee şəhərində keçirilən ənənəvi turnirdə dünyanın ən güclü şahmatçılarına təqdim edilib. Bu mükafatla dünyanın məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Hou Yifan, Pentala Harikrişna təltif olunublar.
“Tata Steel Masters” 80-ci yubiley turnirinin qarşılaşmalarının bütün dünyada diqqətlə izlənilməsi gözlənilir. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak edəcəyi turnirdə, həmçinin dünya çempionları Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və Hou Yifan və digər tanınmış zəka ustaları da var.
Beynəlxalq qrossmeyster Vüqar Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. O, FIDE Qran-Pri, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya və bir çox digər nüfuzlu turnirlərin qalibi, FIDE reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biri olub.