İQTİSADİYYAT
Sahibkarlar "Ukrainian Food Expo 2017" sərgisində iştiraka dəvət olunurlar
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Ukraynada keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, noyabrın 23-24-də Ukraynanın paytaxtı Kiyev şəhərində "Ukrainian Food Expo 2017" beynəlxalq sərgisi keçiriləcək.
Sərgi qida sənayesinin bir çox istiqamətlərini əhatə edir: ət, süd, qənnadı məmulatları, meyvə-tərəvəz, içkilər, souslar, balıq məhsullarının istehsalı və s. Sərginin ziyarətçiləri arasında iri ticarət mağazaları şəbəkəsinin, ictimai iaşə müəssisələrinin, logistika şirkətlərinin, eləcə də pərakəndə ticarət sahəsinin digər sahələrinin nümayəndələri, xarici tədarükçülər, fermerlər və s. olacaq.
Sərgi çərçivəsində "Ukrainian Food 2017" sərgisinin ixracatçıları üçüncü beynəlxalq konqres, həmçinin qida məhsullarının qablaşdırılması və emalı texnologiyaları üzrə tematik konfranslar və seminarlar keçiriləcək.