MƏDƏNİYYƏT
Gürcü və xarici musiqiçilər Tbilisidə bir araya gələcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Noyabrın 1-dən 4-dək Gürcüstanın paytaxtında keçiriləcək Tbilisi nəfəs alətləri festivalı gürcü və xarici musiqiçiləri bir araya toplayacaq.
AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, festivalın qonaqları arasında Azərbaycandan kontrabasçı Cavad Cavadzadə də var. Festivalda, həmçinin tanınmış Niderland musiqiçisi, skripkaçı və dirijor Lev İosifoviç Markiz, Belçikadan fleytaçı Aldo Berten, Almaniyadan skripkaçılar Verena - Mariya Fitç və ABŞ-dan Mark Sabbah iştirak edəcəklər. Festivalın əsas qonağı Norveç Musiqi Akademiyasının nəfəs alətləri ansamblı olacaq.
Festival boyu görkəmli bəstəkarların əsərləri səslənəcək.
Qeyd edək ki, Tbilisidə 2009-ci ildən keçirilən festivalın məqsədi gürcü tamaşaçılarını dünyanın klassik musiqi inciləri ilə tanış etməkdir. Festival, həmçinin maarifləndirmə funksiyasını daşıyır. Konservatoriyanın tələbələri hər il dünyanın müxtəlif ölkələrinin yüksək təcrübəli və peşəkar musiqiçilərin müşayiəti ilə öz ustalıqlarını artırırlar.