ELM VƏ TƏHSİL
Bərdədə təhsil layihəsi - “Təbiətimizi tanıyaq, sevək və qoruyaq!”
Bakı, 24 oktyabr, AZƏRTAC
Bərdədə təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Təbiətimizi tanıyaq, sevək və qoruyaq!” layihəsinin icrasına başlanılıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, bununla bağlı Bərdədə təşkil olunan tədbirdə layihə, onun məqsədi və vəzifələri haqqında rayonun təhsil işçilərinə ətraflı məlumat verilib. Layihənin əsas məqsədi şagirdlərə ölkəmizin təbiətini daha yaxından tanıtmaq və sevdirməkdir. Həmçinin şagirdlərdə ekstremal şəraitə düşdükdə təbiətdən düzgün istifadə etmək bacarıqlarını formalaşdırmaqdır.
Sevinc Məmmədovanın rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunmuşdu. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.