İQTİSADİYYAT
Çex iş adamları Bakıda keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət olunublar
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə məqsəd kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir müavini İlham Quliyev qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, bu sahəyə göstərilən qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığın inkişaf etdirilməsi üçün reallaşdırılan tədbirlər barədə məlumat verib. İlham Quliyev dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliyini nəzərə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarına Rusiya və MDB məkanında yüksək tələbat var. Azərbaycan məhsullarının, xüsusilə ölkəmizdə ən müasir istixanalarda istehsal olunan pomidor bitkisi Rusiya bazarında brend kimi tanınır.
İlham Quliyev bildirib ki, Azərbaycan neft ölkəsi olsa da, dövlətimizin başçısı tərəfindən qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələri həyata keçirilir. Həmçinin ölkəmizdə fermer və sahibkarlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunub, gübrələr fermerlərə 70 faiz, kənd təsərrüfatı texnikaları isə 40 faiz güzəştlə verilir. Bundan başqa, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalanma Mərkəzi də tikilib ki, bu da ölkədə sözügedən sahənin inkişafına əlavə təkan verəcək.
Çex Respublikası ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin potensialının artırılmasının məqsədəuyğun olduğunu deyən İ.Quliyev Azərbaycan Dövlət Aqrar Universiteti ilə Çexiyanın müvafiq təhsil müəssisələri arasında kadr hazırlığı, elmi və tələbə mübadiləsi aparılmasının önəmindən danışıb.
Nazir müavini ölkəmizin milli sərvəti olan Qarabağ və Dilbaz at cinsləri barədə məlumat verərək, bu sahədə də əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, ölkəmizdə son 4 ildə kənd təsərrüfatı sahəsində böyük dönüş yaranıb. Belə görüşlər iki ölkə arasında təcrübə mübadiləsinin aparılmasına, eləcə də kənd təsərrüfatı sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.
İlham Quliyev Çex iş adamlarını hər il ölkəmizdə keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət edib.
Yirji Şestak iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Sonra qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka iştirak edib.