CƏMİYYƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sarayevoda konfrans keçirəcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” mövzusunda konfrans keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda Avropaya inteqrasiya ilə bağlı mövcud problemlər və onların həll yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edəcəklər. Konfransda Çex Respublikasının sabiq Baş naziri Jan Fisçerin, Albaniyanin keçmiş Prezidenti Sali Berishanın, Makedoniyanin keçmiş dövlət və hökumət başçısı olmuş Branko Crvenkovskinin, Dünya Bankının sabiq vitse-prezidenti və İsveçrənin keçmiş xarici işlər naziri Mats Karlsonun, ABŞ Xarici Əlaqələr Milli Komissiyasının rəhbəri, ABŞ-ın BMT-dəki sabiq səfiri Rosemary Di Carlonun, Bosniya və Herseqovina Parlamentinin spikeri Sefik Djaferovicin, Serbiyanin xarici işlər naziri İvica Dacicin və Monteneqronun xarici siyasət idarəsinə rəhbərlik etmiş Srdjan Darmanovicin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq əlaqələri mövcuddur. 2016-cı il noyabrında Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı, fevral ayında isə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə "Dinlərarası Dialoq və Ekstremizmə Cavab" mövzusunda xüsusi toplantı keçirilib.