ELM VƏ TƏHSİL
Tələbələrin birinci ifaçılıq və yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli bəstəkar, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş, tələbələrin birinci ifaçılıq və yaradıcılıq müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə İnstitutun musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova Prezident İlham Əliyevin görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında bu il fevralın 7-də Sərəncam imzaladığını diqqətə çatdırıb.
Professor Zemfira Abdullayeva müsabiqə barədə məlumat verib. Qeyd edilib ki, iki mərhələdən ibarət olan müsabiqə instrumental ifaçılığı (fortepiano, tar), vokal ifaçılığı və rəsm nominasiyaları üzrə keçirilib. İlk üç yerin qaliblərinə pul mükafatları verilib. Digər iştirakçılar diplomlarla təltif ediliblər.
Sonra Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədli görkəmli bəstəkar T.Quliyevlə bağlı xatirələrini bölüşüb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov belə müsabiqələrin tələbə gənclərin yaradıcılıq istedadlarının inkişafına və mütəxəssis kimi yetişmələrinə səmərəli təsir göstərdiyini vurğulayıb, onlara uğurlar arzulayıb.