İDMAN
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olunub
Bakı, 17 noyabr, AZƏRTAC
2020-ci ildə 13 şəhərdə təşkil olunacaq futbol üzrə Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıya səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, noyabrın 17-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Avro-2020”nin ev sahibi ölkələrin layihələrinin rəhbəri Guillaume Poisson və Fan-zonalar üzrə menecer Tomas Qlur ilə görüşüb.
UEFA nümayəndələrinə “Avro-2020” ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində “Avro-2020” zamanı yaradılacaq fan-zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
Xatırladaq ki, “Avro-2020”nin 4 oyunu (qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.