İQTİSADİYYAT
Tələbələrə Strateji Yol Xəritəsinin icrası istiqamətində təlimlər keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2017-2018-ci illər üçün təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycan Mühəndislik Universitetinin iqtisadiyyat fakültəsində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində palatanın mütəxəssisləri tərəfindən “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda təlimlər keçirilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarından maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
İnteraktivlik və diskussiyalarla zəngin olan bu tədbirlərin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.