DÜNYA
TransCanada şirkəti Cənubi Dakotadakı Keystone boru kəmərindən 5 min barrel neft sızması barədə məlumat verib
Vaşinqton, 18 noyabr, AZƏRTAC
ABŞ-ın Keystone boru kəməri sistemini idarə edən TransCanada şirkətinin administrasiyası boru kəmərindən 5 min barrel neft sızması barədə məlumat verib. Şirkətin bəyanatında bildirilir ki, səhər saat 6-da əməliyyat sistemində neft sızması nəticəsində təzyiqin düşməsi aşkar ediləndən dərhal sonra sızmanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülüb, neft axını bağlanıb.
AZƏRTAC xəbər verir ki, sızma Cənubi Dakota ştatının Marşall mahalındakı Ladden nasos stansiyasından təxminən 50 kilometr cənubda baş verib.
Keystone XL boru kəmərinin genişlənməsi ekoloji mülahizələr baxımından intensiv müzakirə və mübahisə mövzusu olub. Boru kəmərinin genişlənməsi əleyhdarlarının fikrincə, neft sızması ətraf mühitə çox böyük ziyan vura, o cümlədən içməli su mənbələrinin çirklənməsinə gətirib çıxara bilər.
Tramp Administrasiyası bu ilin mart ayında uzunluğu 1897 kilometr olan boru kəməri tikintisini nəzərdə tutan layihəni bəyənib.
Montana və Cənubi Dakota ştatlarından keçməklə Kanadadan Nebraska ştatına neft nəqli üçün təklif olunmuş boru kəməri layihəsi vaxtilə Obama Administrasiyası tərəfindən rədd edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton