İQTİSADİYYAT
Hadi Rəcəbli: İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan çoxdur
Bakı, 23 noyabr, AZƏRTAC
İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan çoxdur. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcək. Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulub. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu gün keçirilən plenar iclasda “İşsizlikdən sığorta fondunun büdcəsi” haqqında qanun layihəsi barədə məlumat verərkən deyib.
Hadi Rəcəbli bildirib ki, qanuna əsasən bu fonda işəgötürənlər və işçilər hər biri əməkhaqqı fondunun 0,5 faizi məbləğində ümumilikdə 1 faiz vəsait köçürəcəklər. “Fondun əsas məqsədi, aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə fondun fəaliyyətinin fəlsəfəsi ondan ibarətdir ki, gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasına keçməkdir. Belə ki, bu büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcək. Peşə hazırlığı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqıödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaq. İşsizliyə görə sığorta ödəmələri hissəsi üç dəfə artaraq 33,5 milyon manat təşkil etsə də, bu göstərici yenə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən azdır. Bu, bir daha onu göstərir ki, əsas məqsəd vətəndaşlarımızın məşğulluğunun təmin olunmasıdır”, - deyə H.Rəcəbli bildirib.