İQTİSADİYYAT
Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsi anılıb
Bakı, 23 noyabr, Nihad Budaqov, AZƏRTAC
Noyabrın 23-də SOCAR-da Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə SOCAR-ın, Energetika Nazirliyinin və müxtəlif dövlət qurumlarının rəhbərliyi II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər.
Anım tədbirində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyidir. R.Abdullayev Natiq Əliyevin Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu deyib.
O qeyd edib ki, Natiq Əliyevin adı “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır: “O, bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı”.
R.Abdullayev Natiq Əliyevin Dövlət Neft Şirkətinin ilk prezidenti kimi hər zaman yad ediləcəyini və xatirəsinin daim əziz tutulacağını bildirib. Deyib ki, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə isə deyib: “Ulu öndər Heydər Əliyev 1993-cü il avqustun 9-da Natiq Əliyevə böyük etimad göstərərək onu Dövlət Neft Şirkətinin prezidenti təyin edib. Bu dövrdə Azərbaycan neftinin taleyi ilə bağlı işlərin ağırlığı Dövlət Neft Şirkətinin prezidenti kimi Natiq Əliyevin üzərinə düşmüşdü. Natiq Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə 24 mühüm müqavilə imzalanıb”.
Akademik qeyd edib ki, Natiq Əliyevi təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, ABŞ-da, Böyük Britaniyada, dünyanın bir çox ölkələrində də yaxşı tanıyırdılar.
“O, daim sadə, səmimi və mehriban bir insan kimi xatirələrdə qalacaq. Sadəlik onun həyat tərzi idi. Natiq Əliyevi tanıyanların qəlbində o həmişə bu cür də yaşayacaq”, - deyə X.Yusifzadə əlavə edib.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov da Natiq Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Natiq Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını deyib. Qeyd edib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq.
Sonra tədbir iştirakçıları “CBC” kanalının hazırladığı və mərhum energetika naziri Natiq Əliyevə həsr edilən sənədli filmi izləyiblər.
Xatırladaq ki, Natiq Əliyev bu il iyunun 9-da, ömrünün 70-ci ilində həyatdan köçüb.