REGİONLAR
Nəfəs alətlərinin mahir ifaçısı Rasim Ələsgərovun 70 illiyi qeyd olunub
Şamaxı, 24 noyabr, AZƏRTAC
Şamaxıda rayon icra hakimiyyəti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi, nəfəs alətlərinin mahir ifaçısı Rasim Ələsgərovun 70 illiyi təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət mərkəzində təşkil olunan tədbirdə Xalq Artisti Zabit Nəbizadə, Əməkdar mədəniyyət işçiləri aşıq Əhliman Rəhimov, aşıq Ağamurad İsrafilov, Rəhman Rasim oğlu, tanınmış incəsənət xadimləri Əvəzxan Xankişiyev, aşıq Əli Tapdıq oğlu, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova sənətkarı təbrik edərək, bölgənin ictimai-mədəni, musiqi həyatındakı xidmətlərinə görə ona rayon icra hakimiyyətinin fəxri fərmanını təqdim edib.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Əməkdar Artist, “Natiq“ ritm qrupunun rəhbəri Natiq Şirinov və başqaları ifası ilə mədəniyyətimizdə xüsusi iz qoyan sənətkara xalq məhəbbətindən danışıb, ona yaradıcılıq uğurları arzulayıblar.
Rasim Ələsgərov çıxış edərək sənətini yüksək qiymətləndirən dövlətimizə, eləcə də onun haqqında söylənən xoş sözlərə görə minnətdarlığını bildirib.
Sonra tədbir rəngarəng konsert proqramı ilə davam etdirilib.