MƏDƏNİYYƏT
Bakıda iranlı xanım rəssamların əsərləri sərgilənir
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda İran İslam Respublikasının tanınmış üç xanım rəssamının sənət əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Əlaqələri Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, sərgidə İran müasir rəssamlığına aid müxtəlif mövzulu sənət əsərləri yer alıb. Ekspozisiyada xanım rəssamlar Haniye Azmudi, Məhvəş Suheyli və Fatimə Qəvaminin ümumilikdə 60-dək sənət əsəri nümayiş olunur. Sərgidə nümayiş olunan əsərlərin məna və məzmun baxımından mükəmməlliyini qeyd edən F.Xəlilov xanım rəssamların sənətini yüksək dəyərləndirib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrindən danışıb. İlk dəfədir iranlı rəssamların əsərlərindən ibarət sərginin ölkəmizdə təşkil olunmasını söyləyən nazir müavini gələcəkdə, eyni zamanda, azərbaycanlı rəssamların da İranda rəsm sərgilərinin açılacağını qeyd edib.
Vurğulanıb ki, belə sərgilər iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olacaq, mövcud sahədəki əməkdaşlığı daha da irəliyə aparacaq.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə sərginin önəmindən bəhs edib. Azərbaycan və İran arasında mədəni əlaqələrin inkişafına diqqət çəkən diplomat belə layihələrin davamlı olmasını arzulayıb, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi 10 gün müddətində ziyarətçilər üçün açıq qalacaq.