İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 22-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiyanın həcmi 10 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1006.3333 AZN, istiqrazların tədavül müddəti 23 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. "Paşa Kapital" anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
İpoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.