QAN YADDAŞI
Mülki Aviasiya Muzeyində Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbir keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin əməkdaşı Rübabə Əbiyeva Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən və erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklərdən danışıb. Sonra Mülki Aviasiya Muzeyinin sifarişi ilə İctimai televiziyanın “Carçıfilm” studiyası tərəfindən çəkilən, Qarabağ müharibəsində qəhrəmanlığı ilə fərqlənmiş veteran mülki təyyarəçilərimizdən bəhs edən “Torpaq, səma, od” sənədli filmi təqdim olunub.
Tədbirin sonunda filmin gənclərdə vətənpərvərlik hissi aşılamaq, cəsur təyyarəçilərimizin fədakarlıqlarını onlara örnək göstərmək məqsədilə hazırlandığı, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üçün dövlətimizin göstərdiyi səylərlə bərabər, hər bir Azərbaycan vətəndaşının da bütün imkanlarını səfərbər etməsinin zəruriliyi vurğulanıb.