ELM VƏ TƏHSİL
Tələbələr təcrübi məşğələləri Zooloji Muzeydə keçirlər
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanılması və təbliği məqsədilə yaradılan Zooloji Muzey bu gün məktəblilərin və tələbələrin ən çox üz tutduğu məkanlardandır. Son illər Bakıdan və bölgələrdən təqribən 15 min nəfər Zooloji Muzeydə ekskursiyada olub. Onlar bəzi onurğasız heyvanlar, həmçinin balıqlar, suda–quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilərin yayılması, biekologiyası, sayı, müasir vəziyyəti və davranışı haqqında muzey əməkdaşları tərəfindən məlumatlandırılıblar.
Bunu AZƏRTAC-a müsahibəsində Zooloji Muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova deyib.
Onun sözlərinə görə, bununla yanaşı, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin zoologiya və ekologiya ixtisasları üzrə təhsil alan tələbələri təcrübi məşğələləri Zooloji Muzeydə keçirlər. Bundan əlavə, UNESCO, Almaniyanın Zukov Fondu və BP şirkətinin nümayəndələri, Misir, Ukrayna və İran İslam Respublikasının vətəndaşları da muzeydə Azərbaycan faunası haqqında ətraflı məlumat alıblar. Zooloji biliklərin təbliği, həmçinin Azərbaycanın zəngin biomüxtəlifliyini geniş kütlələrə tanıtmaq məqsədilə muzey əməkdaşları mütəmadi olaraq kütləvi informasiya vasitələrində məqalələrlə çıxış edirlər.
S.Bünyatova bildirib ki, hazırda Zooloji Muzeyin ekspozisiya fondunda Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət və kolleksiya şəklində hazırlanmış 1.703 eksponat sərgilənir. Onların 314-ü son 10 ildə muzeyin ekspozisiya fonduna daxil edilib. Həmçinin eksponatlardan 257-si onurğalı heyvanların müxtəlif siniflərinə aiddir. Muzeydə dünya faunasından Afrikada yayılan adi şir, mavi qnu, torşəkilli zürafə kimi savanna heyvanları, Amerikada yayılan puma, Avroasiyanın səhralarında yayılan sayqak, Asiyanın dağlıq ərazilərində yayılan Sibir dağ keçisi, Avropa və Ön Asiyanın meşələrində yayılan adi lan, Hindistanda yayılan Asiya fili də nümayiş etdirilir.
Azərbaycanın “Qırmızı kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.
Qeyd edək ki, muzey iyirminci əsrin əvvəllərindən etibarən Azərbaycan və xarici ölkə alimləri tərəfindən respublikamızın faunası ilə bağlı əldə olunan nümunələrin Zoologiya İnstitutunun laboratoriyalarında kolleksiya materialları kimi toplanılması, saxlanılması və mütəmadi olaraq yeni eksponatlarla zənginləşdirilməsi üçün 1971-ci ildə yaradılıb. Zooloji Muzeyin əsas məqsədi Azərbaycan faunasının biomüxtəlifliyini öyrənmək, canlıların biologiyasını, ekologiyasını, biosferdə rolunu tədqiq etmək, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin qorunması üçün mühafizə tədbirlərini hazırlamaq və bu təklifləri müvafiq qurumlara təklif etməkdir.