CƏMİYYƏT
“SOCAR Capital” və “ASAN kadr”ın təlim proqramı başa çatıb
Bakı, 22 fevral, AZƏRTAC
“SOCAR Capital” şirkəti və “ASAN Könüllülər Məktəbi”nin “ASAN kadr” Karyera mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 19, 20 və 22-si tarixlərində keçirilən maliyyə bazarlarında ən son trendlər adlı proqram başa çatıb.
“SOCAR Capital”dan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan, şirkətin əməkdaşları Elxan Həsənov və Turan Talıbova tərəfindən “ASAN xidmət” mərkəzinin könüllülərinə “Qlobal maliyyə bazarları”, “Şirkətin maliyyə mənbələri və onların idarə olunması” və “Sürətlə inkişaf edən dünyamızda karyera imkanları” adlı mövzularda təlimlər keçilib.
İştirak edən könüllülər tərəfindən təlimçilərə maliyyə bazarları, investisiya alətləri, kənd təsərrüfatı və digər biznes sahələrinə investisiya etməyin yolları, maliyyə sahəsində karyera qurmaq üçün atılacaq ilkin addımlar və digər mövzular haqqında suallar ünvanlanıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev bildirib ki, SOCAR və “SOCAR Capital” ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox uğurlu layihələr həyata keçirilib, hansı ki, bu gün yekunlaşan proqram da onlardan biridir.
Təlim proqramında iştirak edən könüllülərə “SOCAR Capital” şirkəti və “ASAN Könüllülər Məktəbi”nin “ASAN kadr” Karyera mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.