ELM VƏ TƏHSİL
Sumqayıt şəhər 23 nömrəli məktəbdə “İdrak media dərsləri”nin təqdimatı olub
Bakı, 17 mart, AZƏRTAC
Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə “İdrak” liseyi tərəfindən “İKT-dən tədris prosesində istifadə təcrübəsi” mövzusunda təqdimat mərasimi keçirilib.
“İdrak” liseyindən AZƏRTAC-a bildiriblər ki, məktəbin direktoru, Əməkdar Müəllim Fikrət Qasımov tədbirin keçirilməsinin təşəbbüskarı, “İdrak” liseyinin təsisçisi, professor Mönsüm Alışova təşəkkürünü bildirib.
Tədbirdə məlumat verilib ki, müasir dövrdə təhsilin yeniləşməsi, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçid günümüzün ən vacib tələblərindəndir. Hazırda ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin yüksək səviyyədə təşkilinə nail olmaq üçün yeni təlim texnologiyalarından və resurslarından istifadə sahəsində ən öndə olan təhsil müəssisələrindən biri də “İdrak” liseyidir.
2008-ci ildə Sumqayıtda, 2014-cü ildən isə Bakıda fəaliyyət göstərən və yarandığı ilk gündən daim yeniliklərə və müasirliyə doğru inamla addımlayaraq yüksək nailiyyətlər əldə edən “İdrak” liseyinin daha bir yeniliyi “Media dərs” layihəsidir.
Sonra “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov “Media dərs” haqqında məlumat verib. Bildirilib ki, “İdrak” liseyində İKT vasitəsilə hazırlanan bütün dərslər (”Media dərslər”) “ağıllı lövhə”lərdə yazılır və liseyin yaddaş bazasında saxlanılır. Hər bir şagird onlara verilən xüsusi kodlarla evdə internet vasitəsilə liseyin bazasına daxil olur, istədiyi fəndən müəllimlər tərəfindən keçirilən dərslərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edir.
Qeyd edilib ki, “İdrak media dərsləri”ndən digər dövlət təhsil müəssisələrinin şagirdlərinin də istifadə etməsinə məmnuniyyətlə kömək göstəriləcək.
M.Alışov bu layihədən istifadə etməyin respublikamızın ümumtəhsil məktəblərində təhsilin yeni pilləsinin formalaşmasına və inkişafına töhfəsini verəcəyinə əminliyini bildirib.
Professor Şahlar Əsgərov, təhsil eksperti Nadir İsrafilov və digər çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb, “İdrak” liseyinin hər zaman mütərəqqi təlim üsulları və qabaqcıl texnologiyaları ilə seçildiyini bildiriblər. Qeyd edilib ki, “İdrak” liseyi elektron təhsil sahəsində və qabaqcıl təcrübənin yayılmasında liderdir.
Sonra “İdrak” liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramlarından istifadə etməklə dərs nümunələri təqdim ediblər. Bir neçə “Media dərs” nümayiş etdirilib. Şagirdlərin bu dərslərdən istifadə etmələrini əks etdirən videoçarxlar göstərilib.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər və musiqi nömrələri təqdim edilib.