İDMAN
İdman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələsinin ilk gününə yekun vurulub
Azərbaycan gimnastı dayaqlı tullanma yarışında gümüş medala sahib olub
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ilk gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final mərhələsinin birinci günündə kişilərin yarışında sərbəst hərəkətlər, halqalarda və paralel qollarda, qadınların mübarizəsində isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda yarışlarında medalların sahibləri müəyyənləşib.
Qadınların mübarizəsində dayaqlı tullanma yarışında Marina Nekrasova (14,216 xal) gümüş medala sahib olub. Yarışda özbəkistanlı Oksana Çusovitina (14,300 xal) qızıl, sloveniyalı Tjasa Kisselef bürünc medal qazanıb. Digər təmsilçimiz Yuliya İnşina (13.466 xal) dördüncü pillədə qərarlaşıb.
Kişilər arasında sərbəst hərəkətlər üzrə yarışda yaponiyalı Kazuma Kaya (14,233 xal) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə ukraynalı Volodimir Hribuk (14,200 xal), sloveniyalı Rok Klavora (14,100 xal) isə üçüncü yerə layiq görülüblər.
Yarışlarda kişilər arasında halqalarla hərəkətlərdə Yunanıstan təmsilçisi Elefterios Petrounias çempion adını qazanıb. Yunanıstanlı idmançı 15,333 xal toplayaraq bütün rəqiblərini üstələyib və qızıl medala sahib olub. Türkiyəli gimnast İbrahim Çolak (15,100 xal) gümüş, çinli Xingyu Lan (14,866 xal) bürünc medallarla kifayətləniblər.
Kişilər arasında paralel qollarda hərəkətlərdə isə yaponiyalı Kenta Çiba (14,966 xal) qızıl medal qazanıb. Belarus təmsilçisi Andrey Lixovitski (14,666 xal) ikinci, türkiyəli Fərhad Arican (14,366 xal) isə üçüncü yeri tutublar.
Qadınlar arasında müxtəlif hündürlüklü qollar yarışında qızıl və gümüş medalları Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçiləri Ciaqi Lyu 14,833 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Huan Luo (14,433 xal) gümüş medala layiq görülüb. İlk üçlüyü ukraynalı Yana Federova (13.033 xal) tamamlayıb.
Sonda Azərbaycan Gimnastika Federasiyasının kuboku (AGF TROPHY) hakimlərdən ən çox xal toplamış qadın gimnasta təqdim edilib. Bu mükafata özbəkistanlı Oksana Çusovitina və Gürcüstan təmsilçisi Konstantin Kuzovkov layiq görülüblər.