CƏMİYYƏT
Azərbaycanlı şəhid övladları Ankaradakı Heydər Əliyev Parkında olublar
Ankara, 18 mart, AZƏRTAC
Türkiyədə gəzintidə olan bir qrup azərbaycanlı şəhid övladı Ankaradakı Heydər Əliyev Parkında olub. Ulu Öndərin parkdakı abidəsi önünə tər qərənfillər düzülüb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət edən uşaqlar mavzoleydəki muzeyi gəziblər.
Sonra Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edən şəhid övladları paytaxtın Keçiörən rayonunda ucalan Xocalı abidəsi önünə də gül dəstələri qoyublar.
Azərbaycanlı və türkiyəli şəhid övladları Mehmetcik Fondunda görüşüblər. Fondun rəhbəri general-polkovnik Yaşar Bal uşaqlarla səmimi söhbət edib. Sonra Fond tərəfindən şəhid uşaqlarına hədiyyə və nahar ziyafəti verilib.
Rusiyanın Krasnoyarsk diyar mədəni muxtariyyətinin dəstəyi və ictimai-siyasi xadim Səadət Qarayevanın rəhbərliyi ilə "Odlar yurdu" rəqs ansamblı şəhid uşaqlarına konsert verib.
Uşaqlar birlikdə Azərbaycanın və Türkiyənin dövlət himnlərini oxuyublar.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilən “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinin təşkilatçısı Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi, himayədarı isə Türkiyə Nazirlər Kabinetinin Tanıtma Fondudur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara