DÜNYA
Malayziyanın hökumət orqanları itmiş təyyarə ilə bağlı məlumatı şərh ediblər
Tokio, 21 mart, AZƏRTAC
Malayziyanın hökumət orqanları 2014-cü ilin martında itmiş “Boeing 777-200” sərnişin təyyarəsinin qalıqları olan yeri avstraliyalı mühəndis Piter Makmehonun aşkar etməsi barədə məlumatı şərh ediblər.
AZƏRTAC yerli “New Straits Times” qəzetinə istinadla xəbər verir ki, müvafiq qurumlar P.Makmehonun iddiasını əsassız hesab etdiklərini bildiriblər.
Malayziyanın nəqliyyat naziri Liou Tionq Layya parlamentdəki iclas zamanı deyib: “Nazirlik həmin məqaləni tam əsassız hesab edir və düşünürük ki, insanları çaşdırmaq lazım deyil”. Onun sözlərinə görə axtarış əməliyyatı hazırda Hind okeanının cənubunda davam etdirilir.
Krallığın Mülki Aviasiya İdarəsinin rəhbəri Azharuddin Abdul Rahman da avstraliyalı mühəndisin iddialarının əsassız olduğunu bildirib. İdarə rəisi deyib ki, onlar təyyarənin Google Maps-də tapılması barədə hesabatla tanışdırlar.
Xatırladaq ki, 64 yaşlı P.Makmehon NASA və Google xəritələrinə istinadla itmiş təyyarənin Raund adasından 16 kilometr məsafədə yerləşdiyini bildirib. Avstraliyalı mühəndis iddia edir ki, təyyarənin axtarışı ilə məşğul olanlar həmin əraziyə baxmayıblar. Əldə etdiyi nəticələri Avstraliya Nəqliyyat və Təhlükəsizlik Bürosuna göndərdiyini vurğulayan mühəndis bildirib ki, təyyarə güllələrdən deşik-deşik olduğuna görə onu tapmaq istəmirlər. Çünki bu halda növbəti istintaq başlanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio