MƏDƏNİYYƏT
Şusaku Hayaşi: Azərbaycan şəkərburası yaponların sevimli şirniyyatına çevrilir
Tokio, 23 mart, AZƏRTAC
Azərbaycanın milli şirniyyat növlərindən olan şəkərbura yaponların sevimli şirniyyatına çevrilir.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Tokionun tanınmış Haracuku əyləncə mərkəzində yerləşən “Binova” kafesinin sahibi Şusaku Hayaşi deyib. Artıq bir ildir ki, sahibi olduğu kafedə müştərilərə Azərbaycan şəkərburasının da təklif edildiyini bildirən yapon iş adamı onun alıcılar tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb.
Azərbaycan milli şirniyyatının kafenin menyusuna necə daxil edildiyi barədə sualı cavablandıran Ş.Hayaşi deyib: “2012-ci ildə velosipedlə Avropadan başlayaraq, Qafqaz ölkələrini və Orta Asiyanı əhatə edən səyahətə çıxmışdım. Bu səyahətim 3 ay çəkmişdi. Fransadan başlayan səyahət zamanı Gürcüstan vasitəsilə Azərbaycana da getdim. Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərini gəzdikdən sonra Bakıya gedib oradan dəniz yolu ilə Qazaxıstana yollandım. Azərbaycana səyahətim zamanı yerli əhali məni böyük hörmət və qonaqpərvərliklə qarşıladı. Səmimi deyim ki, Azərbaycan həm qədim adətləri, həm də müasir inkişafı ilə çox xoşuma gəldi. Yerli əhali isə mənə böyük hörmətlə yanaşırdı. Milli şirniyyatlara marağımı nəzərə alaraq, mənə onların tərkibini, hazırlanma qaydalarını da izah edirdilər. Orada yediyim şirniyyatların dadını heç cür unuda bilmirdim. Qayıtdıqdan bir neçə il sonra şəkərburanın hazırlanma qaydasını öyrənməyi qərara aldım. Azərbaycanın milli şirniyyatı olan şəkərburanı illər öncə, ilk dəfə Ukraynada yerləşən Azərbaycan restoranında yemişdim. Elə o gündən formaca bizim qyozaya bənzəyən şəkərburanın yaponların da xoşuna gələcəyini düşünürdüm. Bu düşüncəm özünü doğrultdu. Kafemizdə qurduğumuz guşədə müştərilərimizə müxtəlif ölkələrin mədəniyyəti barədə məlumat verir və sonra bu ölkələrə məxsus şirniyyatları təklif edirik. Onlar çox zaman xüsusi tamı və görünüşü ilə seçilən şəkərburaya üstünlük verirlər. Ötən il dünya xalqlarının şirniyyatı barədə nəşr olunan kitabımın üz qabığında da şəkərburaya xüsusi yer verməyimin səbəbi məhz budur. Kitabda Azərbaycana səfərim zamanı çəkilmiş şəkillərə də geniş yer verilib. Burada azərbaycanlıların çox mehriban və qonaqpərvər insanlar olduğunu xüsusi vurğulamışam. Kitabda, həmçinin şəkərburanın resepti və hazırlanma qaydası ilə də tanış olmaq olar”.
Gələcəkdə Şəki halvası hazırlamaq niyyətində də olduğunu deyən Ş.Hayaşi sahibi olduğu kafenin menyusunda Azərbaycan şirniyyatlarına daha çox yer vermək istədiyini də bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio